Lənkəran Dövlət Universitetinin Enactus komandası

Enactus nədir?

Enactus – beynəlxalq səviyyədə fəaliyyət göstərən, tələbələrin sahibkarlıq bacarıqlarını, liderlik keyfiyyətlərini və sosial məsuliyyət hissini inkişaf etdirməyə yönəlmiş qlobal bir platformadır. “Entrepreneurial Action for Us” (Bizim üçün Sahibkarlıq Fəaliyyəti) ifadəsindən yaranan Enactus, 35-dən çox ölkədə minlərlə tələbəni, müəllimi və biznes liderini bir araya gətirir.

Təşkilatın əsas məqsədi gəncləri sosial və iqtisadi problemlərə innovativ və dayanıqlı həll yolları tapmağa təşviq etmək, eyni zamanda onların gələcəyin liderləri kimi formalaşmasına dəstək olmaqdır.

Enactus-un fəlsəfəsi sadə, lakin təsirli bir prinsipə əsaslanır: “Fəaliyyətlə dünyanı dəyişmək mümkündür.” Bu məqsədlə tələbələr real sosial problemləri araşdırır, biznes yönümlü yanaşmalarla həll yolları hazırlayır və həmin ideyaları icra mərhələsinə gətirirlər.

Lənkəran Dövlət Universitetinin Enactus komandası

Lənkəran Dövlət Universitetinin (LDU) Enactus komandası 2025-ci ilin aprel ayında LDU Tələbə Gənclər Təşkilatının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə yaradılmışdır. Komanda qısa müddət ərzində universitetin ən fəal tələbə birliyinə çevrilmiş, regionda sosial sahibkarlıq və innovasiya mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.

Hazırda komanda 15 nəfərlik əsas heyətdən ibarətdir və aşağıdakı struktur üzrə fəaliyyət göstərir:

Prezident

Vitse-prezident

Layihə rəhbəri

İnnovasiya meneceri

HR rəhbəri

İT rəhbəri

Qrafik dizayner

Komanda üzvləri

Komanda üzvləri mütəmadi iclaslar keçirir, yeni ideyalar müzakirə edir və sosial təsir potensialı yüksək olan layihələrin hazırlanması istiqamətində fəaliyyət göstərirlər.

Uğurlar və nailiyyətlər

Qısa müddətdə formalaşmasına baxmayaraq, LDU Enactus komandası artıq bir sıra mühüm uğurlara imza atmışdır.

14–16 iyun 2025-ci il tarixlərində, komanda Quba şəhərində keçirilən Enactus Simulyasiya Yarışında iştirak edərək, ölkə üzrə 18 universitet arasında ilk 3-lükdə qərarlaşmışdır. Bu nəticə komandanın peşəkar hazırlığını, komanda işini və innovativ düşüncə qabiliyyətini nümayiş etdirmişdir.

Daha sonra, 15 avqust 2025-ci ildə Bakı Konqres Mərkəzində baş tutan Enactus Azərbaycan Milli Yarışında, Lənkəran Dövlət Universitetinin Enactus komandası ölkə üzrə 4-cü yer qazanmışdır. Bu nailiyyət komandanın milli səviyyədə tanınmasına, həmçinin universitetin sosial sahibkarlıq sahəsində nüfuzunun artmasına səbəb olmuşdur.

Yeni struktur və gələcək planlar

2025-ci ilin payızından etibarən komanda fəaliyyətində yeni idarəetmə modeli tətbiq etmişdir. Artıq hər fakültə üzrə ayrıca Enactus komandaları formalaşdırılmış və hər fakültəyə bir vitse-prezident təyin olunmuşdur. Bu yanaşma fakültələrarası əməkdaşlığı gücləndirərək, daha çevik, məqsədyönlü və ixtisaslara uyğun layihələrin hazırlanmasına şərait yaradır.

Hazırda LDU Enactus komandası yeni sosial, ekoloji və iqtisadi yönümlü layihələr üzərində işləyir. Komandanın yaxın aylarda icra etməyi planlaşdırdığı təşəbbüslər arasında:

Gənclərin sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş təlimlər,

Yerli icmaların iqtisadi inkişafına dəstək verən sosial layihələr,

Ətraf mühitin qorunması və dayanıqlılıq mövzusunda maarifləndirici kampaniyalar yer alır.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd