LSU Sustainability

2016-cı ildən başlayaraq, mütəmadi qaydada Lənkəran Dövlət Universitetində baş vermiş neqativ halların qarşısı alınıb. İyirmi nəfərədək əməkdaş işdən çıxarılıb. Tədris sistemi tamamilə dəyişdirilib. Tyutor nəzarəti ilə izlənən kollokvium və imtahanlar təşkil olunur. İmtahan zamanı öz növbəsində ictimai şuranın üzvləri imtahanlara gələrək canlı şəkildə keçirilən imtahanlara nəzarət edirlər. Universitetdə tədrisin təşkili, idarəetmə, kollokviumların və imtahanları Universitetin nəzdində ölkənin və regionun tanınmış elm, təhsil nümayəndələrindən ibarət İctimai Şura fəaliyyət göstərir. Həmin İctimai Şuranın üzvləri vaxtaşırı Universitetə baş çəkir. Orada tədrisin təşkili, kollokvium və imtahanların keçirilməsi prosesini müşahidə edib, öz təkliflərini verirlər. İctimai Şuranın tərkibinə həmçinin tələbələrin nümayəndələrindən də daxil edilir ki, bu da tələbələrin haqqının qorunmasına xidmət edir.

Bu da rüşvətxorluqa qarşı güclü mübarizədir. İmtahanlar və kollokviumlar tam şəffav şəkildə aparılır.

Belə ki, Universitetə qəbul olunmuş tələbə harada olmasından asılı olmayaraq istənilən yerdən portal.edu.az elektron saytdan qeydiyyatdan keçirlər və həmin tələbələr Universitetin tələbə bazasında qeydiyyata alınırlar. İnteqrasiya prosesi nəticəsində tələbələrin anket məlumatları Universitetin elektron xidmət şəbəkəsinə yüklənir. Universitetin lsu.edu.az domeninə bağlı e.lsu.edu.az saytında hər bir tələbə üçün şəxsi kabinet avtomatlaşdırılmış şəkildə yaradılır. Tələbə tədris semestrinin başlanğıcında özünün fərdi tədris planını akademik məsləhətçisi olan tyutor vasitəsilə doldurur. Burada hər bir tələbə özünün istəyinə uyğun olaraq ixtisasına uyğun tədris planında olan fənləri seçir. Tələbə seçdiyi fənni, həmin fənnin tədris olunduğu ixtiyari ixtisas qrupunda və saatında dinləmək hüququna malikdir. Dərslər hər bir fənnin təsdiq olunmuş proqramına əsasən tərtib olunmuş fənn sillabuslarına uyğun təşkil olunur.

Tələbələrin biliyi 100 ballıq sistem üzərindən qiymətləndirilir. Belə ki, tələbənin bütün akademik fəaliyyəti, onun təhsil trayektoriyası onun şəxsi kabinetində və universitetin saytında öz əksini tapır. Tələbənin gündəlik dərslərdə iştirakı, aralıq və cari qiymətləndirmələrin nəticələrindəki dəyişikliklər avtomatik olaraq hər gün onun şəxsi kabinetində yenilənir.

Tələbə 100 balın 50 balını imtahana qədər, 50 balı isə imtahan zamanı qazana bilir. Imtahanadək olan balların 20 balı tələbənin seminar, məşğələ və laboratoriya dərslərindəki fəaliyyətinə görə, 30 balı isə kollokviumların nəticələrinə görə verilir. Kollokviumlar (Sınaqlar) adətən hər fənn üzrə iki dəfə təşkil olunur. Birinci kollokviumda maksimum 10 bal, ikinci kollokviumda isə 20 bal qazana bilər. İmtahanlarda isə hər bir biletə 5 sual daxil edilir. Hər sual maksimum 10 balla qiymətləndirilir. Ümumilikdə maksimum 100 bal formalaşır.

Tələbə imtahan gününə qədər istədiyi vaxtda elektron qaydada öz imtahan və kollokvium vaxtlarını həm seçir və həm də vaxtı və saatı dəyişdirmək imkanı var. İmtahanda və kollokviumda hər hansı bir səbəbdən iştirak edə bilməyən tələbələr də qeyd etdikləri vaxtları sonradan elektron qaydada dəyişdirə bilir.

Universitetdə həm kollokvium, həm də imtahanların təşkilini tamamilə tyutor xidməti həyata keçirir. Tələbələr kollokvium və imtahan zamanı onlara ayrılmış şəxsi İD-nömrələrini sistemə daxil etməklə elektron qaydada bilet çap edə bilirlər. Tələbələr həmin sualları ayrı-ayrı vərəqlərdə yazaraq imtahan nəzarətçilərinə təqdim edir.

Tələbələr imtahanı bitirdikdən sonra cavablandırdıqları suallar, yəni biletdəki bütün suallar tyutorlar tərəfindən ayrı-ayrılıqda kodlaşdırılər. Fənn üzrə mütəxəssis müəllimlərə yoxlanılmaq üçün verilir. Fənni yoxlayan müəllimlərin obyektivliyinə əmin olmaq üçün həmin yazılar bir neçə digər mütəxəssis müəllimə də yoxlatdırılır.

Universitetdə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə digər halların baş verməməsi üçün hər semestr tələbələrin gizli sorğusu keçirilir. Belə ki, tələbə sorğu anketində özünün heç bir məlumatını qeyd etmir. Sorğu anketində özünün şikayət və təkliflərini qeyd edir.

İmtahan və kollokviumların yoxlanılması zamanı yarana biləcək narazılıqları araşdırmaq üçün Universitetin hər bir tədris korpusunda Apellyasiya Komissiyası və ümumi olaraq rektorun sədrliyi ilə Operativ Qərargah fəaliyyət göstərir. Hər hansı bir səbəbdən qiymətindən narazı olan tələbə müvafiq Apellyasiya Komissiyasına müraciət edərək öz yazı vərəqələrini yenidən digər mütəxəssis müəllimlər tərəfindən yoxlanılmasını tələb etmək hüququ var. Bu zaman onun yazı vərəqələrinə yazılmış əvvəlki qiymətlərin üstü örtülərək görünməməsi təmnin edilir. Digər mütəxəssis müəllimlər yenidən həmin yazı vərəqələrini yoxladıqdan sonra əgər qiymətdə yüksəlmə olarsa həmin qiymət nəzərə alınır. əgər qiymətdə azalma olarsa əvvəlki qiymət qüvvədə saxlanılır ki, burada da tələbəyönümlülük gözlənilir.

Həmçinin Universitetin hər bir tədris binasında şikayət və təkliflər üçün xüsusi qutular ayrılmışdır. Eyni zamanda tələbələr öz fikirlərini Universitet rəhbəri olan Rektora həm fiziki formada, həm də rektorun birbaşa nəzarətində olan rector@lsu.edu.az elektron poçtu vasitəsilə çatdıra bilirlər.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd