Texnika üzrə elmlər doktoru Mikayıl Məhərrəmov
Məhərrəmov Mikayıl Əkbər oğlu 05 may 1950-ci ildə Tovuz rayonunun Çatax sovetliyinin Hacılar kəndində qulluqçu ailəsində anadan olmuşdur.
O, 1974-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) texnologiya fakültəsini “Konservləşdirmə texnologiyası” ixtisası üzrə bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.
1969-1974-cü illərdə “Azərkəndtexnika” Birliyinin təmir-mexanika zavodunda çertyojçu, mühəndis-texnoloq və mühəndis-konstruktor, 1974-1981-ci illərdə respublikanın aqrar-sənaye kompleksi sisteminin layihə-konstruktor təşkilatlarında mühəndis, şöbə rəisi, baş mühəndis və direktor vəzifələrində çalışmışdır. 1981-1986-cı illərdə Azərbaycan Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində elmin, yeni texnikanın və qabaqcıl təcrübənin tətbiqi şöbəsinin və texniki idarənin rəisi, 1986-1989-cu illərdə Respublika Dövlət Aqrar-Sənaye Komitəsində aparıcı mütəxəssis, şöbə rəisi və konserv idarəsinin baş mühəndisi vəzifələrində, 1990-1991-ci illərdə isə “Azərbmeşə” İB-də aparıcı mütəxəssis və Assosiasiyanın baş direktoru vəzifələrində çalışmışdır.
O, 1990-cı ildə Odessa Qida Sənayesi Universitetində texnika elmləri üzrə namizədlik, 2009-cu ildə isə Azərbaycan Dövlət Aqrar Universitetində texnika elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 1996-cı ildə ona dosent, 2023-cü ildə isə professor elmi adı verilmişdir.
1991-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Konservləşdirmə texnologiyası” kafedrasının dosenti, 1993-1995 ci illərdə Təhsil Nazirliyində aparıcı və baş inspektor, nazir məsləhətçisi vəzifələrində işləmiş, 1995-2015-ci illərdə Bakı Qida Sənayesi Kollecinin direktoru işləmiş, eyni zamanda 1994-cü ildən 2010-cu ilədək Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında və ADİU-nin “Qida məhsullarının texnologiyası” kafedralarında əvəzçiliklə 0,5 ştat dosent vəzifəsində çalışmışdır.
16.07.2015-ci il tarixdə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən çalışmanın yaş həddinə çatdığına görə kollec direktorluğundan azad edilmişdir.
15.09.2015-ci ildən 02.07.2017-ci ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışmışdır.
O, eyni zamanda 08 iyun 2016-cı il tarixdən Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, həmçinin 15.9.2016-cı il tarixdən 01.05.2018-ci il tarixinə qədər “Texnologiya və aqrar fənlər” və “Texnologiya və texniki fənlər” kafedralarında 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışmışdır. 01.05.2018-ci il tarixdən LDU Elmi Şurasında müsabiqədən keçdiyinə görə “Texnologiya və texniki fənlər” kafedrasında 0,5 ştat professor vəzifəsinə seçilmişdir.
M. Məhərrəmov təhsil problemləri, aqrar təsərrüfatı məhsullarının emalı və saxlanılması, onların xassələri və texnologiyanın nəzəri problemləri, qida təhlükəsizliyi, qida və insan ekologiyası sahəsində yüksək ixtisaslı mütəxəssis olmaqla yanaşı, respublika və keçmiş SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin Elmi –Texniki Şurasının üzvü, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İqtisadiyyat” bölməsinin üzvü, “Yeyinti və yüngül sənaye bölməsi”nin sədr müavini olmuş, hazırda LDU Elmi Şurasının üzvü, Elmi və tədris metodiki şuranın sədr müavinidir.
O, respublikanın və xarici ölkələrin (ABŞ, Rusiya, Almaniya, Ukrayna, Belorusiya, Moldova, Niderland, Çexiya, Polşa, Bolqariya və s.) nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş və təhsil, aqrar təsərrufatı məhsullarının emalı və saxlanılması, onların xassələri, texnologiyanın nəzəri və praktiki məsələləri, qidalanma və insan ekologiyasi, qida təhlükəsizliyi problemlərinə həsr olunmuş 150-dən çox elmi məqalənin, 8 monoqrafiyanın (o cümlədən 5-ı xarici ölkələrdə nəşr olunmuşdur), 2 dərsliyin müəllifi, 1 dərsliyin və 2 dərs vəsaitinin həmmüəllifidir.
M. Məhərrəmovun rəhbərliyi altında LDU-nun 1 doktorantı texnika elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək AAK tərəfindən müvafiq diplom almış, 2 nəfər (1nəfər Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, 1 nəfər LDU) texnika üzrə fəlsəfə doktoru proqramı əsasında, 1 nəfər (Azərbaycan Texnologiya Universiteti) isə elmlər doktoru proqramı əsasında dissertasiya işi üzərində çalışır.
O, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdindəki texnika elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış FD 2.26 və
Azərbaycan Texniki Universitetinin nəzdində texnika elmləri sahəsində fəlsəfə doktoru ve elmler doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılmış
ED 2.09 Dissertasiya şuralarının üzvü olmuş, hazırda AAK tərəfindən yaradılmış BFD 3.12, BED 4.29 BFD 4.30 dissertasiya şuralarının üzvüdür. O həmçinin “World Journal of Food Science and Technology” və “World Journal of Pharmaceutical and Life Sciences” Beynəlxalq Elmi jurnallarının redaksiya heyyətinin üzvü, Lənkəran Dövlət Universitetinin təsis etdiyi “Technical and Agrarian Scinces” International scientific-practical journal – “Texniki və Aqrar Elmlər” Beynəlxalq elmi-praktiki jurnalın baş redaktorudur