“Texnika və Aqrar elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalı
Lənkəran Dövlət Unversitetinin “Texnika və Aqrar elmləri” Beynəlxalq elmi-praktik jurnalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 27 aprel 2022-ci il tarixli qərarı ilə (Protokol № 04 ) və Universitet üzrə 4/38 №-li, 11 may 2022-ci il tarixli əmrə əsasən təsis edilmiş, 4/30 №-li 14 mart 2024-cü il tarixli əmrə əsasən redaksiya heyətinin yeni tərkibi təsdiq edilmişdir.
Jurnala 19 yanvar 2023-cü il tarixdə İSSN (İnternational Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə: İSSN 2958-8111 və İSSN-L 2958-5058 verilmişdir.
Jurnalda nəşr olunan hər məqaləyə fərdi rəqəmsal obyekt identifikatoru (DOİ) verilir.
Jurnal aşağıdakı Beynəlxalq elmi məlumat bazalarına daxildir: ROAD
Jurnal ildə 4 dəfə nəşr edilir.
Məqalələr azərbaycan, ingilis, türk və rus dillərində qəbul olunur.
Jurnalın “Texnika elmləri” və “Aqrar elmləri” üzrə bölmələri və hər bölmə üzrə idarə heyəti və rəyçiləri (ekspertləri) vardır.
“Texnika elmləri” bölməsində əsasən qida məhsullarının texnologiyası, biotexnologiya, sənaye texnologiyası, toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası, ətraf mühitin texnologiyası və mühəndisliyi, kimya texnologiyası və mühəndisliyi, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, maşınlar, avadanlıqlar və proseslər, istehsalın təşkil və sahə iqtisadiyyatı, ekologiya və s. ixtisaslar üzrə məqalələr dərc olunur.
“Aqrar elmləri” bölməsinə isə əsasən torpaqşünaslıq və aqrokimya, aqromühəndislik, bioloji ehtiyatlar, seleksiya və toxumçuluq, biokimya və mikrobiologiya, meyvəçilik və üzümçülük, bitkiçilik, bitkilərin mühafizəsi, subtropik bitkilər, meşəçilik, baytarlıq elmləri, xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası və s. ixtisaslar üzrə məqalələr qəbul edilir.
JURNALIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Lənkəran Dövlət Universiteti tərəfindən təsis olunan “Texnika və Aqrar elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalı sənayedə və aqrar sahədə tətbiq oluna biləcək ən yaxşı elmi ideyaları dərc edir. Çünki yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların əldə edilməsi elmi tədqiqatın müxtəlif müstəqil sahələrindən yüksək texnologiyaların tətbiqinə əsaslanır, lakin ümumi son nəticə ilə - hazır yüksək texnologiyalı məhsul ilə birləşir. Bu elmi istiqamətlər arasında qida sənayesi və təhlükəsizliyi, yüngül və tekstil sənayesi və materialşünaslığı, ümumi sənaye texnologiyası, aqrotexnologiya, üzvi maddələrin texnologiyaları və materialşünaslıq, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi və s. vardır. Bu istiqamətlər üzrə elmi məqalələrin nəşri “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalın inkişafının əsas “vektoru”dur. Ona görə də müasir istehsalla bağlı olan alimlər öz tətbiqi elmi tədqiqatlarının nəticələrini dərc etməklə texnologiyaların sənayeyə və aqrar sahəyə transferində iştirak etmək imkanı əldə edirlər. Sənaye və aqrar sahə mütəxəssisləri isə öz növbəsində, jurnaldan elmi və praktiki məlumat əldə edə bilərlər.
Jurnalın məqsədi sürətlə yaranan yeni elmi biliklərlə onun praktiki tətbiqi arasında yaranan və daha çox vaxt tələb edən boşluğu aradan qaldırmaqdır. Sahə müəssisələri “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalının aktiv abunəçiləri olmalı və həmin müəssisələrin mütəxəssisləri Jurnalın alim-müəllifləri tərəfindən həyata keçirilməsi üçün tövsiyə olunan elmi və texniki ideyaların praktiki dəyərini yoxlamalıdırlar.
Göstərilən məqsədə çatmaq üçün “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalının başlıca vəzifəsi müasir texnologiyaların elmdən istehsalata transferinin “elmi komponentini” formalaşdırmaqdır. Ona görə də jurnalda dərc olunan məqalələrdə həm elmi yeniliyə, həm də praktiki dəyərə önəm verilir.
Müasir istehsalatlarla əlaqəli və texnologiyaların sənayeyə və aqrar sahəyə transferində iştirak etmək imkanı olan elmi və pedaqoji işçilərin, alimlərin, mütəxəssislərin tədqiqat işlərinin materialları “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalında nəşr üçün qəbul edilir.